Tuesday, December 1, 2009

Qaralamadan bir parça gəlir

Fikirlərim bir qaralama kimi yığılır, çoxunu da unuduram. Bloq açmağımın da əsas səbəbi elə budur ki, onlar itməsin. Beləcə bu qaralamalardan biri bloq postu qədər yetişib.

İlk dəfə məktəbdə ikən müəllimdən “Lobaçevski həndəsə”si anlayışını eşitmişdim. “Paralel xətlər kəsişə bilər” kimi ağlasığmaz fikir isə bu anlayışın yadımda qalmasına səbəb oldu. Bundan sonra “Evklid həndəsəsi”ni eşitdim. Mənim üçün bu, Kopernikin Yer planetini kəşf etməsi kimi idi.

Sözümü mümkün qədər sadə saxlayaraq deyim ki, Evklid (və ya klassik) həndəsə 5 aksiom üzərində qurulub. Sən bunları qəbul edirsən və bütün teoremlərin isbatı sonda bu aksiomlarla təsdiqlənməlidir. Bu aksiomlardan birini dəyişin və yeni bir teoremlər, yeni qanunlar, yeni bir mühit əldə edəcəksiniz. Təsəvvür edin ki, uçbucağın bucaqları cəmi 180 dərəcə deyil. Yəni Riyaziyyat kimi dəqiq elm belə, qəbul edilmiş, ilk baxışdan aydın, ancaq şəkk gətirilə biləcək qanunlar toplusu üzərində qurulub.

Bu, məsələnin riyazi tərəfi idi. Belə deyək, həyati tərəfi isə ondan ibarətdir ki, insanların inandıqları (deyib, iman gətirdikləri nəzərdə tutub) eyni olmadıqda mübahisə, disput tam olaraq nəticəsiz olur.

Bir müddət əvvəl AFU-da Erkin müəllimin “Dekonstruksiya” haqda mühazirəsində idim. Tam olaraq eyni fikirləri də ondan eşitdim. İki fərqli nəsil, iki fərqli dünyagörüşü, amma eyni nəticə. Bu, bir daha mənə əsas verdi ki, mütləq həqiqəti düşüncə, təhlil yolu ilə tapmaq mümkündür(?). Əlbəttə, bir şeyin mümkünlüyünü iddia etmək üçün onu göstərmək lazımdır. Bu isə hələ ki(?), mümkün deyil. Bu günədək elmlər (eləcə də dinlər) kəşf edilmiş, qəbul edilmiş və ya oturuşmuş qanunlar üzərində qurulub, yəni əvvəlcədən qoyulmuş ideyadan qaynaqlanır, ən sonda ona söykənir.

Məsələn, İslam ətrafında mübahisələr tez-tez rastıma çıxır. Quranı qəbul etmiş kəslə, etməmiş kəs mübahisə edərkən, müəyyən hədislər toplusunu qəbul edən kəslə etməyənin mübahisəsi sonda heç bir (!) nəticə verməyib. Əlbəttə, məntiqlə bu mübahisələrdən çoxunu ələmək olar, amma yenə də fundamental məsələlər mübahisə obyekti olaraq qalacaq.

 

P.S. Postu bir daha oxuyandan sonra yenə də onu qaralamaya atacaqdım, amma bu dəfə yox : )

Sunday, September 6, 2009

Bloqa başlanğıc verirəm

ITV-də ən sevdiyim veriliş – "Bir mahnının tarixçəsi" "Gün keçdi" filmi və onun "Bir axşam taksidən" mahnısından bəhs edir.. Hardansa, hind filmindən musiqi səsləri eşidirəm.. Emin Milli və Adnan Hacızadə artıq 60 gündür ki, azadlıqdan məhrum olublar.. Dostum Əli Novruzov (blog-nöqtə-novruzov-nöqtə-az) bu dünyada 25-ci ilinə başlayır.. Hüqo Çavez İrana qastrola gəlir.. Mən isə ilk bloq yazımı yazıram. Bloqum mübarək olsun!